Milli-mənəvi dəyərlər gənclər arasında təbliğ olunur
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər üçün "Milli-mənəvi dəyərlər: müasirlik və ənənə" mövsuzunda maarifləndirici tədbir keçirilib. Gənclik Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan nazirliyin əməkdaşı Azadə Əliyeva gənclərin şəxsi inkişafı və dünyagörüşünün formalaşması istiqamətində görülən işlərdən danışıb, milli-mənəvi dəyərlər anlayışının yeni nəslə anlaşılan və qavranılacaq şəkildə ötürülməsi baxımından gənclərlə keçirilən bu görüşün effektivliyinə inamını ifadə edib.
Tədbirin xüsusi qonaqları AMEA Naxçıvan Bölməsinin əməkdaşları Gülvira Abbasova, Aysel İsmayılova və Naxçıvan Dövlət Universitetinin müəllimi, “SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Sevinc Abbasova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malikdir və gənclərin layiqli vətəndaş, hərtərəfli şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələri, mental dəyərləri xüsusi rola malikdir. Çıxış edənlər qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin mühafizə olunmasının əhəmiyyətindən də bəhs ediblər. Tədbir çay süfrəsi ətrafında diskussiya şəklində davam edib.